Nağıllar, hekayələr

Hamının bildiyi dil

Dərs ilinin əvvəlində sinfimizə Zaur adlı təzə şagird gəlmişdi. O, ailəsi ilə birgə Gürcüstandan Bakıya köçmüşdü. Bir dəfə tənəffüsdə Zaurun telefonla bizim anlamadığımız dildə danışdığını eşitdik. Ona təəccüblə baxdığımızı görüb gülə-gülə dedi:
– Dostum Şota idi. Tbilisidən zəng etmişdi. 
– Sən gürcü dilini bilirsən? 
– Әlbəttə, axı mən anadan olandan Gürcüstanda yaşamışam. 
– Yaxşı, gürcü dilində necə deyərsən: “İndi zəng vurulacaq”? 


Zaur anlaşılmaz bir şey dedi və bu vaxt, doğrudan da, zəng vuruldu. Başımız elə qarışmışdı ki, Aydın müəllimin gəldiyini hiss etmədik. O, söhbətin nədən getdiyini biləndə dedi: 
– Deməli, Zaur öz doğma dili ilə yanaşı, başqa bir dildə də danışa bilir. Bu çox yaxşıdır. İnsan nə qədər çox dil bilsə, bir o qədər çox adamla sərbəst ünsiyyətdə ola bilir. Ancaq bir dil də var ki, onu hamı bilir və istifadə edir. Bu, jestlər və mimikalar dilidir. 


Uşaqlar təəccüblə bir-birinin üzünə baxdılar. Aydın müəllim gülümsəyərək sözünə davam etdi: 
– İndicə çoxunuz həmin dili işlətdiniz. Leyla qaşlarını qaldırmaqla təəccübləndiyini ifadə etdi. Zaur çiyinlərini çəkməklə tərəddüdünü bildirdi. Kərimin başını qaşıması isə onun fikrə getdiyini göstərdi. 


Mimika – üz əzələlərinin hərəkətləridir. Onlar insanın hiss və həyəcanını əks etdirir. Fikir vermisinizmi, çox vaxt adamlar bir kəlmə belə deməsələr də, biz onların şad, kədərli, hirsli, fikirli olduğunu duyuruq. Bunları bizə həmin adamların üz cizgiləri – alın, qaş, göz, ağız, dodaqlar deyir. 


Kərim əlini qaldırıb soruşdu: 
– Bəs jest nədir, müəllim? 
– Jest müəyyən duyğu, istək, münasibət bildirən əl-qol hərəkətləridir. Elə indicə sən əlini yuxarı qaldırdın və mən başa düşdüm ki, söz demək üçün icazə istəyirsən. Aytac soruşdu: 
– Deməli, Yer üzündəki bütün insanlar jestlərin köməyi ilə bir-birini başa düşə bilərlər?
– Elə jestlər var ki, beynəlxalq aləmdə qəbul olunub və hamı üçün aydındır; məsələn, millətindən asılı olmayaraq insanlar salamlaşarkən birbirinin əlini sıxırlar.

Bundan əlavə, bir sıra peşəkar jestlər də var; məsələn, hərbi kəşfiyyatçıların və ya su altında işləyən dalğıcların öz jestləri var. Bir çox idman növlərində də hamı tərəfindən qəbul olunmuş xüsusi jestlərdən istifadə olunur. Amma bir çox xalqların yalnız özlərinə məxsus jestləri də var; məsələn, qədim zamanlarda çinlilər görüşərkən öz əllərini sıxır larmış. Bəzi xalqlarda isə görüşərkən adamlar burunlarını bir-birinə sürtürlər.

Bu zaman İlkin söz alıb dedi: 
– Müəllim, keçən il atam məni özü ilə Bolqarıstana aparmışdı. Bolqarlar razılıq əlaməti olaraq başlarını bulayırlar, “yox” demək istəyəndə isə, əksinə, başlarını yuxarı-aşağı hərəkət etdirirlər. 
– Tamamilə doğrudur, – Aydın müəllim dedi. 
– Yunanlar və makedoniyalılar da belə edirlər. Ümumiyyətlə, bir ölkəyə səfər edərkən yerli xalqın jestlərini öyrənmək heç də pis olmazdı. Əgər nə vaxtsa Tibetə getsəniz və orada rastlaşdığınız adam sizə dilini göstərsə, qanınızı qaraltmayın. Bu, sadəcə, o deməkdir ki, “sənə qarşı heç bir pis niyyətim yoxdur. Narahat olma”. Başqa xalqlarda isə bu jest cırnatmaq və ya təhqir kimi qəbul edilir. Aydın müəllim sözünü kəsib saatına baxdı, sonra dedi: 
– Hə, uşaqlar, mimika və jest dili çox maraqlı mövzudur. Ancaq mürəkkəb fikirləri ifadə etməkdə onlar acizdir. Bu mənada nitqi heç nə əvəz edə bilməz. Nitq isə o zaman təsirli olur ki, müvafiq jest, mimika və intonasiya ilə müşayiət edilir. İndi isə gəlin dərsimizin mövzusuna keçək...