Maşınlar ölkəsində
Biri vardı, biri yoxdu, bir Maşınlar ölkəsi var idi. Bu ölkədə yalnız maşınlar yaşayırdı. Onlar bütün yol qaydalarını bilir, qanunlarına hörmətlə yanaşır, bir-birlərinə hörmət edir, yol verirdilər.
Müəllimlərini sevir, onun bütün tapşırıqlarını yerinə yetirirdilər. Müəllimin adı Svetofor idi. Hamı ona “Svetofor müəllim” deyə müraciət edirdi. Bir nəfərdən başqa. Kim idi bu bir nəfər, deyim, sən də onu tanı!
Balaca yük maşını Yükoş! O heç bir yol hərəkəti qaydası oxumur, qaydalara fikir vermir, istədiyi yerdən keçir, istədiyi sürətlə gedirdi. Elə bu xasiyyətlərinə görə də onun yaxın dostu yox idi.
Hətta neçə dəfə az qala qəza törədəcəkdi. Amma başqa maşınlar yenə də ona hörmətlə yanaşır, “bir gün səhvini başa düşər!”, deyirdilər.
Bir gün şəhər sakinləri qərara gəldilər ki, böyük Yanğınsöndürən maşını üçün qaraj tiksinlər. Hamı köməyə gəldi. Hətta Svetofor müəllim tikinti gedən yerə bir yol hərəkətini qadağan eləyən bir işarə də gətirib qoydu: “Maşınlara giriş qadağandır!” işarəsini. Yəni heç kəs təsadüfən bu yolda maşın sürüb qazılan xəndəyə düşməsin. Tikintidə möhkəm iş gedirdi. Betonqarışdıran maşın beton gətirmişdi ki, qazılan yerə töksün. Elə təzəcə beton tökməyə başlamışdı ki, birdən qışqırtı, siqnal səsi aləmi götürdü. Görəsən nə olmuşdu?
Sən demə Yükoş həmişəki kimi sürətlə maşını sürüb. Həmişəki kimi yol işarəsinə fikir verməyib, düz düşüb xəndəyə. Beton maşını da betonu töküb üstünə. Yükoş maqnitafona da o qədər səs verib ki, o biri maşınların da siqnal səsini eşitməyib.
Bir anda həyəcan fiti verildi. Bütün maşınlar köməyə gəldi. Qaldırıcı kran əmi tez yükoşu qaldırıb xəndəkdən çıxartdı. Su maşını onu yuyub təmizlədi. Təcili yardım maşını Yükoşa tibbi yardım göstərib yaralarına dərman qoydu. Yükoşu Təcili-təmir yardımı xəstəxanasına apardılar. Yükoş tam sağalana qədər xəstəxanada qaldı. Palatada xəstələr maraqlı kitablar oxuyanda Yükoş ancaq “Yol hərəkəti qaydaları”nı oxuyurdu. Xəstəxanadan çıxanda onu tanımaq olmurdu. Rəngi sapsarı olmuşdu. Bununla belə Yükoş sevinirdi. Çünki o həm sağ qalmışdı, həm də bu vaxt ərzində bütün Yol qaydalarını əzbər öyrənmişdı.
Xəstəxanadan çıxanda bütün maşınlar onu qarşılamağa gəlmişdi. Hətta Avtobus ona bir balon maşın yağı pay gətirmişdi. Kamaz bir vedrə benzin pay gətirmişdi. Yükoş lap utandı. O qədər utandı ki, hətta elədiyindən peşman olub ağladı da.
- Dostlar, məni bağışlayın! – deyib, xəstəxanadan birbaşa Svetofor müəllimin yanına getdi. Bilmədiklərini də ondan öyrəndi.
O vaxtdan maşınlar ölkəsinin sakinləri xoşbəxt yaşamağa başladılar. Sən də xoşbəxt ol!
26.01.2019