Görkəmli şəxsiyyətlər

Hindilər: hər birimizin öz nəğməsi var

Təqribən 70 min il əvvəl Amerikada insanlar yaşamırdı.  Asiya ilə Amerika arasındakı Berinq körfəzinin yerində isə quru ərazi – dar bərzəx uzanırdı. Təqribən 11 min il əvvəl bu “körpü” suyun altında qaldı, lakin Amerika artıq məskunlaşmışdı.
 
Avropalılar Amerikanın aborigen əhalisini səhvən hindi adlandırıblar. İspaniyalı Xristofor Kolumb Hindistan sahillərinə üzüb gəldiyini düşündüyündən, yerli əhalini  hindilər adlandırmışdı.  Yerli əhali isə qəribə adları olan çoxsaylı tayfalardan ibarət idi: çeroki (dağlarda yaşayanlar), irokez-xodinonxsoni (uzun evin adamları), dakota (sülh bağlayanlar), xopi (mehriban adamlar) və böyüklü-kiçikli daha neçə tayfa.
 
Yerli sakinlər Kolumbun xoşuna gəlmişdilər. O, İspaniyaya göndərdiyi məktubda yazırdı: “Dünyada  onlardan yaxşı xalq yoxdur. Hər biri digərini özü kimi sevir.  Onların nitqi həmişə xoş və sakitdir, üzlərində mehriban təbəssüm  var”. 
 
Əfsuslar olsun  ki, avropalılar  hindilərə mehriban təbəssümlə cavab vermədilər.  Çünki onlar bura qızıl və başqa sərvət dalınca gəlmişdilər.
 
Amerikanın aborigen xalqlarından çoxu  öz dillərini, adət-ənənələrini  bu günə qədər qoruyub saxlayıb. Lakin çoxlu sayda qədim tayfa min il əvvəl müəmmalı şəkildə yoxa çıxıb. 
 
Biz Naska  səhrasında  fiqurlar çəkmiş insanlar barədə çox az bilirik.  Bu fiqurlar o qədər böyükdür ki, yalnız quş baxışı hündürlüyündən görünür.  Həmin təsvirlər kimin üçündür? Yazısı və təqvimi, su kəmərləri və nefritdən bəzək əşyaları olan  olmeklər də yoxa çıxıb. Olmeklər uzun başlı qəribə heykəlciklər və sifətləri yaquara bənzəyən  nəhəng başlar da düzəldirdilər. 
 
Amerikanın yerli sakinləri çox müxtəlifdir. Yanomamilər  indiyə kimi  cəngəlliklərdə yaşayır, demək olar,  çılpaq gəzir və  hamı üçün bir koma tikirlər.  Yanomami tayfalarından biri cəngəllikdə elə sıx yerdə məskunlaşıb ki, onların varlığından dünya  bu yaxınlarda xəbər tutub. Onların yaşadığı yeri rus səyyahı Vitali Sundakov kəşf edib. 
 
Qədim asteklər hələ 500 il əvvəl  şəhərdə yaşayırdılar.  Onların şəhəri  o vaxtkı Londondan daha böyük idi.  “Kaktus qayanın yeri” deyilən Tenoçtitlan şəhərində 300 min əhali yaşayırdı. Onlar qızıldan gözəl şeylər, hərəkətli hissələri olan  oyuncaqlar düzəldirdilər.  Asteklər suda  bostanlar yaratmışdılar. Belə bostanlar ildə yeddi dəfə məhsul verir.  
 
Qədim mayyalar  gözəl bənna, astronom və riyaziyyatçı idilər.  Cəngəlliklərdə onların şəhərlərinin xarabalıqları qalıb.  Qədim mayya yazlılarını  hələ oxuya bilməyiblər.  
 
Çeroki tayfası  avropalıların bildiklərini  çox sürətlə öyrəndilər.  Bu xalqın yazısı yox idi. Onların başçısı Sekvoyya  XIX əsrin əvvəlində  əlifba yaratdı və çeroki dilində “danışan vərəqələr” – qəzet buraxmağa başladı. Dünyanın ən uca ağacı  bu ağıllı adamın şərəfinə sekvoyya adlandırılıb.  ABŞ-da  ilk pulsuz məktəblər şəbəkəsini çerokilər yaradıblar. 
 
Hindilərin adları sadəcə sözlərdən ibarət deyil.  Ad  insanın xarakterini, məziyyətlərini əks etdirir. Məsələn, Qleydeynoxçe  irokezlərin dilindən  “səmada süzən qırğı” kimi tərcümə olunur. Lakin insan dəyişə bilər və onda ona yeni ad verilir! Amerika çaylarının, rayon və şəhərlərinin adları  hindi dilindədir. Məsələn, Alabama “Biz burada yaşayırıq” və ya “mən pöhrəliyi təmizləyirəm”, Oklahoma “qırmızıdərilinin torpağı”, Arizona “Bulaq və ya çeşmə”, Kanzas “cənub küləyinin adamları”, Kanada “kənd” kimi tərcümə olunur. 
 
Hindilərin odlu silahı, kotanı və təkəri yox idi. Amerikada atlar da yox idi. Lakin yollar vardı. Hindilər piyada səyahət edirdilər. Dincini almaq və qarnını doydurmaq üçün  xüsusi yerlər nəzərdə tutulmuşdu.  Hindilər yun əldə etmək üçün lama saxlayır, ara tutuquşusu, müşk ördəyi,  əhliləşdirilmiş hind toyuğu və hind donuzu yetişdirirdilər.  Avropalılar kartof, qarğıdalı, pomidor, kakao,  tütün, paxla, yerfındığı, günəbaxan yetişdirməyi hindilərdən öyrəniblər. 
 
Bir də avropalılar hələ də hindilərdən müdrik olmağın sirlərini öyrənirlər. Hindilər  torpağa,  bitkilərə, heyvanlara, insanlara həmişə ehtiramla yanaşırlar. Axı, dünyada  hər şey bir-biri ilə bağlıdır, həmişə bir şey başqa bir şeyin tərkib hissəsi olur.  Hindi başçıları xəbərdarlıq edib deyirdilər: “Sonuncu ağac kəsiləndə, sonuncu çay zəhərlənəndə, sonuncu quş ovlananda başa düşəcəksiniz ki, pulları yemək  olmaz”. Həqiqətən də  ətraf mühitin çirklənməsi həyatımızın əsas problemlərindən biridir. 
 
Müasir hindilər qədim adları, öz əcdadlarının dilini, adət-ənənələrini  qoruyub saxlamağa çalışırlar.  Keçmişi müasir dünya ilə uyğunlaşdırmaq o qədər də asan deyildir.  Məsələn, hindinin başında qartal lələklərindən baş geyimi  daha görməzsən.  Əvvəllər onu  yalnız təntənəli hallarda və ya  döyüşdən əvvəl geyinirdilər. Baş geyimindəki  lələkləri elə seçirdilər ki, döyüşçünün  şücaətləri “oxunurdu”.  Müasir hindilər isə heç kimlə  müharibə etmirlər.  Lakin  uşaqlar və yaşlılar bayramlarda və milli festivallarda  milli kostyumlar geyinirlər: bu zaman lələkli “tac” lap yerinə düşür. 
 
Hindilər  bayramlarda  oxuyur, musiqi alətlərində çalır və peşələrinin sirlərini bölüşürlər. Müxtəlif  tayfalardan olan hindilərin görüşdükləri  bayramlardan biri Pau Bau  - “Dini lider” adlanır.  Hər il noyabr ayının sonuncu cümə axşamı ABŞ və Kanadada qeyd edilən  daha bir bayram  Şükranlıq günü adlanır. İngilis mühacirlər Yeni Dünyanın sahillərinə çıxanda  az qala acından öləcəkdilər. Hindilər onları yeməklə təmin edir və yerli tərəvəzləri yetişdirməyi öyrədirlər. 
 
Hindilər bir-birini dinləməyi sevirlər.  Bayramlarda və ya  axşamlar  dövrə vurub oturur, oxuyur, onları narahat edən  problemlərdən danışır, ürəklərini boşaldırlar. Onlar inanırlar ki, bu şəkildə oturmaq onlara şəfa verir,  danışanları və onları dinləyənləri daha güclü edir.