Taxta qılınc
Biri var imiş, biri yox imiş, bir padşahın bir oğlu və bir arvadı var imiş. Bir gün bu padşah oğlunu, vəzirini, vəkilini götürüb qoşun ilə şikara çıxır, xeyli ov etdikdən sonra bir gözəl çəməndə çadır qurub, burada oturaq edirlər.
Padşahın oğlu həya etdiyindən, öz çadırını bir kənarda qurur. Padşah oğlunu çox istədiyindən, tez-tez onu yoxlarmış. Yenə də qalxıb oğlunu yoxlamağa gedir və gəlib çadıra girdikdə, baxıb görür ki, çadırın dalından bir qızıl ilan daxil olub oğlunu çalmaq istəyir. Tez padşah başmağının bir tayını su ilə doldurub ilanın qabağına qoyur.
İlan su içib qayıdır. Padşah isə oğlunu oyadıb:
– İstəkli oğlum! Qalx, burada yatma. Məsləhət deyil, – deyib əhvalatı ona söylədi, oğlu ilə bərabər öz çadırına qayıtdı. Bir az qalıb, şəhərə getdilər. Bu əhvalatdan bir neçə gün sora, padşahın arvadı bərk naxoşlayır, oğlunu yanına çağırıb ona belə bir vəsiyyət edir:
– İstəkli oğlum! Bu xəstəlikdən mən qalxmayacam, öləcəm.
Mən öləndən sora atan gedib başqa arvad alacaq. Təzə aldığı arvad səni yola aparmayacaq. Ağan ilə sənin aranda ziddilik düşəcək. Get-gedə ziddilik artacaqdır. Atan qeyzə gəlib səni öldürmək istəyəcək. Atanı o məqama gəlməyə qoyma, baş götür bir müddət atanın vilayətindən çıx get. Yolda hər kəs ki, səninlə yoldaş oldu, çörək yeyəndə sən öz çörəyini ortaya qoy. Hərgah yoldaşın çörəyin çox hissəsini sənin qabağına qoysa, onunla yoldaş ol. Yox, qabağına qoymasa, onda ondan ayrıl, bir də yoldaşınla bir çayın kənarına yetişsən, sən ona təklif et ki, gəl dalıma min, səni sudan keçirdim. Əgər o səni dalına alıb sudan keçirsə, onda ondan yoldaş ol. Yox sənin dalına minsə onunla yoldaş olma. Tez ondan ayrıl. Bu sözləri söyləyib, ana vəsiyyətlərini tamam etdi.
Oğlan qalxıb anasının əlindən öpüb otaqdan çıxdı. Bir neçə gündən sora padşahın arvadı ölür. Bir müddətdən sora padşah gedib bir arvad alır. Bu ara arvad nanəcib olduğundan oğlanı yola verməyib hər nə ilə mümkündürsə, atası ilə bunun arasına bir ziddilik salmağa çalışırdı.
Odur ki, şahzadə anasının vəsiyyətinə əməl edib, baş götürüb atasının vilayətindən çıxıb gedir. Yolda bir oğlan bundan haraya getdiyini sorduqda, “başqa bir vilayətə”, deyib cavab verir.
Mənim adım Taxta qılıncdır. Məni də özünlə bərabər götür deyib cavan oğlan şahzadədən rica elədi.
Xülasə, yoldaş oldular, bir qədər yol gedəndən sonra, bir yerdə oturub çörək yemək istəyirlər. Şahzadə bir çörəyi çıxardıb ortaya qoyur. Oğlan çörəyi kəsib çox hissəsini şahzadənin, az hissəsini öz qabağına qoyur. Oğlan görür ki, anasının vəsiyyət etdiyi üzrə yoldaşlığa layiq bir oğlandı. Çörək yeyib yola düşdülər.
Yolda bir çaya yetişirlər. Şahzadə ona təklif edir ki, gəl dalıma min, səni sudan keçirdim. Oğlan şahzadəni dalına alıb sudan keçirdir yollarına davam edib gedirlər. Bir müddət gedəndən sonra bir şəhərə yetişirlər, burada ev tutub mənzil edirlər. Ertəsi gün cavan oğlan padşahın oğluna deyir ki, qardaş, sən evdə otur, mən gedim qazanım gətirim bərabər yeyək. O gedib gündə qazanıb gətirir, bahəm yeyirlər. Bir gün belə, beş gün belə, axırda padşahın oğlu fikir edir ki, nə vaxta kimi bu oğlan qazanıb gətirəcək, mən də yeyib bekar oturacam?
Mənim də iş görməyim lazımdır. Bu fikir ilə ayaqqabısını geyib evdən kənara çıxır. Küçələri dolanır. Bir vaxt baxıb gördü ki, hündür bir imarətin pəncərəsindən gözəl bir qız baxır. Qızı görüb, ona aşiq oldu. Demə, bu imarət padşahın, qız da padşahın qızı imiş. Padşahın oğlu fikirli mənzilə qayıdır. Bir az keçir yoldaşı gəlir. Oğlan baxıb görür ki, şahzadə çox bikefdi. Bundan səbəbini xəbər alır.
Şahzadə isə əhvalatı buna söyləyir. Oğlan gülüb deyir:
– Elə bundan ötürü bikef olmusan? Bu ki asan işdir, yəqin bir vaxta o qızı sənə alaram, – deyib onu sakit etdi.
Ertəsi gün oğlan gedib elçi daşının üstündə oturdu. Padşaha xəbər getdi ki, elçi gəlib. Həmin saat adam göndərdilər ki, gedin görün sözü nədir. Oğlan cavab verir:
– Padşahın qızını qardaşım üçün istəyirəm.
Padşah xəbər göndərir ki, hər kim mənim imarətim kimi bir imarət tikdirsə, qızımı ona verərəm. Oğlan qəbul eləyir. Ertəsi gün xalq yuxudan oyananda baxıb görürlər ki, padşahın evinin qabağında bir ev tikilib ki, padşahın evindən min dəfə gözəldir. Oğlan padşaha xəbər göndərir ki, ev hazırdı. Padşahın artıq deyəcək sözü olmayıb qızı verir. Toy olur. Şahzadə qızın yanına getmək istəyəndə oğlan deyir:
– Qardaş, hələ dayan, qoy əvvəlcə mən gedim gəlim, sonra sən get.
Şahzadə qəbul eləyir. Oğlan qızın yanına gedib bunun ağzından üfürür. Həmin saat qızın ağzından bir-birinin dalınca on bir ilan çıxır. Hər birisi çıxdıqca istəyir ki, oğlanı vursun, amma oğlan zirehlik edib bir-bir on birini də öldürür. Sonra qulağını qızın ağzına qoyub görür ki, bir ilan da qalıb. Amma həmin ilan çıxmır.
Xülasə, qayıdıb oğlanı qızın yanına göndərir. Demə ki, bundan qabaq qızı kimə verirlərmişsə, əvvəlinci gecədə ilanın biri çıxıb oğlanı vurub öldürürmüş. Odur ki, padşah yəqin edirdi ki, bu oğlan da sabaha salamət çıxmayacaq.
Ertəsi gün sübh tezdən padşah bir adam göndərir ki, oğlandan bir xəbər gətirsin. Gəlib görürlər ki, oğlan salamat oturub qız ilə söhbət edir. Bu xəbəri padşaha aparanda padşah əmr edir ki, camaat üç gün şadyanlıq etsinlər.
Bir müddət burda qaldıqdan sora şahzadə öz vilayətlərinə qayıtmaq fikrinə düşür. Padşahdan rüsxət istəyir. Çox təkiddən sora padşahdan izn alır. Padşah bunlara çoxlu mal, qızıl-gümüş, dövlət verib yola salır, əmr edir ki, üç mənzil bunları ötürsünlər.
Müxtəsər şahzadə oğlanla əvvəl görüşdükləri yerə gəlirlər. Burada oğlan şahzadəyə deyir:
– Qardaş, artıq ayrılmalıyıq, bu mal-dövləti də, qızı da bahəm qardaşlıqda gərək yarı bölək. Şahzadə razı olur hər şeyi bölürlər. Ancaq bölünməmiş bir dəvə, bir qatır, bir də padşahın qızı qalır. Oğlan deyir ki, bunları da yarı bölməliyik. Qılıncın çəkib əvvəl dəvəni, sonra qatırı ortadan yarı bölür, növbə qıza gəldikdə şahzadə nə qədər yalvarırsa, qızı yarı bölməsin, oğlan razı olmur. Axırda şahzadə təklif edir ki, cəmi dövlət onun olsun, ancaq qız bunun olsun. Oğlan yenə razı olmayır.
Sonra şahzadə təklif edir ki, qızı bütöv götürsün. Yenə də oğlan razı olmur, qızı gətirib bir ağaca sarıyır. Qılıncı çəkib qaldırır və istəyir ki, qızın başın üzsün. Qız qorxusundan qaytarır, ağzından axırıncı ilan da düşür. Bundan sonra oğlan qılıncı yerə qoyub şahzadəyə deyir:
– Mənə mal-dövlət, qız lazım deyil. Məqsədim həmin ilanı qızın ağzından çıxarmaq idi. Bu çıxmasaydı bir gün çıxıb səni həlak edəcəydi.
İndi bu malı, dövləti qızı götürüb atanın yanına get, bir də məlumun olsun ki, mən insan deyiləm. Mən həmin ilanam ki, atan yaxşılıq edib başmaq tayında su vermişdi. İndi mən yaxşılıq borcundan çıxdım. Artıq xudahafiz.
Bunu deyib oğlan bir ilan olur, bir deşiyə girib gözdən itir. Bundan sonra şahzadə atasının vilayətinə gəlir. Atası oğlunun gəlmək xəbərini eşidib pişvaza çıxıb cah-cəlal ilə şəhərə gətirir. Bunlara təzədən toy eləyir. Onlar yeyib-içib yerə keçib, biz də yeyək-içək, dövrə keçək.
Göydən üç alma düşdü, biri mənim, biri nağıl deyənin, biri də dinləyənin.
22.12.2020