Bu maraqlıdır!

Yanıltmac kimi Vulkan Point adası

Filippin adaları arasında ərazisinə görə ən böyüyü Luson adasıdır. Bu adanın sahəsi 109 964,9 km²-dir. Adalar içərisində sahəsinin böyüklüyünə görə dünyada 15-ci sırada dayanır.

 

Luson adasının içində şirin sulu Taal gölü var. Əvvəllər Bonbon gölü adlanıb. XVIII əsrin əvvəllərində baş vermiş bir sıra böyük püskürmələr, zəlzələlər və vulkanik dağıntılar ilə göl kənarındakı qəsəbələr darmadağın olub. 1754-cü ildə baş vermiş sonuncu böyük püskürmə nəticəsində lava kütlələri Pansipit çayının qarşısını kəsib və Taal gölünün dənizə açılan yeganə çıxışını bağlayıb.

 

Gölün içində isə Taal yanardağı (Taal Volcano) var. Hündürlüyü 311 m olan vulkanik dağ Filippinlərdə yerləşən ən aktiv ikinci dağdır. Paytaxt Maniladan 50 km cənubda yerləşir. İndiyə qədər 33 dəfə püskürüb. Püskürmə zamanı 1906-cı ildə 1500, 1911-ci ildə isə 1300 insanın ölümünə səbəb olub. 

 

Taal yanardağı,1821-ci ildən etibarən Bombou adını daşıyıb. Bu dağ Vulkan adası da adlanır. Vulkan adasının içində krater göl var. Göl, dünyada adanın içindəki gölün içindəki adada yerləşən ən böyük göldür. Krater gölünə kiçik Vulkan Point adası daxildir. Vulkan Point adası genişliyi 2 km olan göllə əhatələnib. Beləliklə, Vulkan Point adası Sakit Okeandakı Luzon adasının içindəki Taal gölünün içindəki Taal adasının içindəki Krater gölünün içində yerləşir. Təbiətin əsəri olan bu yanıltmac kimi Vulkan Point adası sıralı adalar içində böyüklüyünə görə 3-cü yerdə dayanır.