Bu maraqlıdır!

Nobel mükafatı

Nobel mükafatı elm, incəsənət və dünya ictimaiyyətinin inkişafı sahəsində verilən məşhur beynəlxalq mükafatdır.
Nobel mükafatı 27 noyabr 1895-ci ildə İsveç ixtiraçısı, alim Alfred Nobelin vəsiyyəti əsasında təsis edilmiş və ilk dəfə sahibinə 1901-ci ildə təqdim olunmuşdur.
Alfred Nobel (1833-1896) isveç ixtiraçı, sənayeçi, linqvist, filosof və humanist idi. 1895-ci ilin noyabrında Parisdə Nobel vəsiyyətnamə yazır. Sənədin mətnində deyilənlərə görə, alimin sərvətinin böyük bir hissəsi mükafatın yaardılmasına sərf olunsun. 


Bu mükafat namizədlərin milliyətindən asılı olmayaraq ədəbiyyat, fizika, kimya, fiziologiya, tibb və s. digər sahələr üzrə verilməli idi. Qeyd edək ki, bu zaman Nobelin sərvəti 31 kron təşkil edirdi. Nobel fondunun yaradılması üçün təşkilatçılara 4 il lazım oldu. Nəticədə fond 1900-cü ildə özəl, müstəqil qeyri-hökumət təşkilatı olaraq yaradıldı.
Nobel mükafatı 1901-ci ildən verilməyə başlayıb. Xüsusi yaardılmış Nobel komitəsi tərəfindən bütün il boyu namizəd siyahısı üzərində iş aparılır. Müxtəlif ölkələrin professorlarına, akademik təşkilatlara, keçmiş Nobel mükafatı sahiblərinə məktublar göndərilərək namizədlərin seçilməsi üçün dəvət olunurlar.


Fevraldan oktyabra qədər göndərilmiş nominasiyalar, siyahının tərtib edilməsi və səsvermə yolu ilə laureatların seçilməsi üzərində iş aparılır. Namizədlərin siyahısı 50 il ərzində gizli olaraq saxlanılır və yalnız bu müddətdən sonra açıqlana bilər.
Qaliblərin yekun seçimi İsveç Kral Elm Akademiyası, İsveç akademiyası, Karolina İnstitutunun Nobel Assambleyası və Norveç Nobel komitəsi tərəfindən həyata keçirilir. Ənənəyə sadiq olaraq qaliblərin adları oktyabr ayında elan edilir.


10 dekabr, mükafatın yaradıcısının ölüm günündə mükafatın təqdimat mərasimi keçirilir: Stokholmda fizika, kimya, fiziologiya, tibb, ədəbiyyat və iqtisadiyyat, Oslo da isə sülh mükafatı təqdim edilir.
Hər bir Nobel mükafatının dəyəri 10 milyon isveç kronuna (təqribən 1 milyon avro) bərabərdir. Namizədlərə pul mükafatı ilə yanaşı onun şəkli ilə birlikdə medal və diplom da təltif edilir.


Bu günə qədər altı şəxs və ya təşkilat Nobel mükafatını bir dəfədən çox qazanmağa nail olmuşdur. Bunların içində Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatı üç Nobel sülh mükafatı ilə birinci yeri tutur. 826 Nobel mükafatı qazanandan 43-ü qadındır; 1903-cü ildə Fizika üzrə Nobel mükafatını, 1911-ci ildə isə Kimya üzrə Nobel mükafatını qazanan Mariya Küri, həm Nobel mükafatını qazanan ilk qadın, həm də iki müxtəlif elm sahələri üzrə Nobel mükafatını qazanan ilk şəxs olaraq tarixə düşüb. 1940 və 1942-ci illər aralığında qəfil İkinci dünya müharibəsinin başlanması səbəbindən Nobel mükafatlarının verilməsinə fasilə verilmişdir.