Şeirlər

Fikrət Qoca. “Balıqçıyam”

Balıqçıyam, balıqçı,
Bir dənizim var mənim.
Dalğa qırışlarında, 
Qayıq izim var mənim.
Tordan dəniz süzmüşəm,
Tordan zaman süzmüşəm.
Əksi sulara düşmüş,
Bir asiman süzmüşəm. 
Tora günəş düşmüşdür;
Balıq yoxsa da nə qəm.
Amma qarnım acanda.
Mən günəş istəmirəm, 
Mən balıq istəyirəm.
Odur ki, soruşana 
Balıqçıyam deyirəm.
Balıqçıyam, balıqçı.
Ayağımın altında
Batır günəş, doğur ay.
Dəniz mavi bir örpək,
Ulduzlu bir kəlağay, 
Titrəşən ulduzlara,
Yelkənim dəyir keçir.
Çilənən dalğalardan,
Ruhum sərinlik içir.
Baxsan bu gözəlliyə,
Gözlərin sərxoş olar.
Amma tək ona baxsan
Evə qayıdan zaman,
Əllərin də boş olar.
Onda nə fayda bizə,
Tor atıram dənizə
Balıqçıyam, balıqçı.