Bu maraqlıdır!

Çiçəklər ölkəsi- Hollandiya

Amsterdam dünyanın çiçək paytaxtı sayılır. Çiçəklər Hollandiyanın ümumi peyzajına xüsusi rəng qatır. Qeyri rəsmi olsa da Hollandlar zanbaq gülünü ölkənin rəmzi sayırlar. Zanbaq bu ölkəyə XVI-cı əsrdə İran və Türkiyədən gətirilib.


Hollandiyada çiçək mövsümü demək olar ki, dayanmır və ilk sərgilər yanvar ayından keçirilməyə başlayır. Keukenhof parkı martın sonundan may ayının axırına kimi ziyarətçilərin gözünü oxşayır. Sonra bu 7 milyon bitkisi olan park sentyabra qədər bağlanılır.


Əsrlər boyu çiçək becərilməsi ənənələri Hollandiyanı bu sahədə tanınmış lider etdi və hazırda dünyanın çiçəyə olan tələbatını məhz Hollandiya ödəyir.

 
Hollandiyada təkcə zanbaq deyil, başqa gül növləri də yetişdirilir. Əsas tələb olunan gül növləri məhz qızılgülün müxtəlif növləri, nərgiz gülü, xrizantem və bir çox başqa çiçək növləridir.


Hollandiyanın Alsmer şəhəri Almaniya, İsveçrə və Fransa kimi ölkələrə çiçək ixrac edən ən böyük şəhər sayılır.


Holland çiçək yetişdiriciləri çiçəklərin bir çox yeni növlərini yaratmağa niyyətlidirlər. Hətta Hollandiyanın cənubundakı bir çiçək şirkətinin dizayneri və sahibi Peter Van de Verken qızılgülün unikal bir növünü- Göyqurşağı güllərini yaratmışdır. Bu fantastik gülün ləçəkləri göy qurşağının bütün rənglərini əhatə edir. Bu möcüzəni yaratmaq üçün təbii boyalar istifadə olunur. Hazırda təcrübələr xrizantemlər və digər növ çiçəklərin üzərində aparılır.


Göyqurşağı güllərinə əlavə olaraq, Hollandlar çiçəklərin qaranlıqda parıldamasına imkan verən unikal bir texnologiyanın ixtirası ilə öyünürlər. Onlar güllərin parıldamasıyla yanaşı, qönçələrin ömrünü uzadan xüsusi bio-gel yaratdılar.


Əgər Hollandiyanın çiçəklərini bütün incəliyi və gözəlliyi ilə görmək istəyirsinizsə - Blumenkorso festivalına gəlin. Burada unudulmaz mənzərə yaranır, park sanki çiçək yağışına bürünür. Hər il aprelin sonunda Hollandiyada Blumenkorso çiçək paradı keçirilir.