Həmid Abbasov. Qəhrəmandır Azərbaycan
Gəl Şirvana, Qarabağa, -
Üzündən nur yağa-yağa
Süfrə açar hər qonağa -
Mehribandır Azərbaycan.
Bağlarında hər cür nübar,
Meşələrin öz hüsnü var,
Həm şairdir, həm bəstəkar,
Həm bağbandır Azərbaycan.
Cavanlaşıb qədim diyar,
Şəhər gözəl, kənd bəxtiyar.
Torpaq verir - hər nəyi var
Firavandır Azərbaycan.
İnsanları duz-çörəkli,
Saf arzulu, saf diləkli.
Hər qarışı gül-çiçəkli
Bir məkandır Azərbaycan.
İgid oğlu, mərd qızı var,
Düz ilqarı, düz sözü var.
Sinəsində ulduzu var
Qəhrəmandır Azərbaycan!
24.12.2018