İlk uşaq bağçalarının yaranması
İlk məktəbəqədər təhsil müəssisələrinin əsası Fransada XVIII əsrdə, İngiltərədə və İtaliyada isə XIX əsrin əvvəllərində qoyulub. Bu məktəblərdə də digər müəssisələrdə olduğu kimi uşaqlara dini təhsil, əlifba və gündəlik ev işləri öyrədilir, oyuna çox az vaxt sərf olunurdu.
İngiltərədə məktəbəqədər müəssisə açmaq ideyasını ilk dəfə ictimai xadim Robert Oven 1816-cı ildə Şotlandiyanın Nyu-Lanarak şəhərində açdığı məktəblə həyata keçirib. O, bu məktəbdə uşaqlara maraqlı fəaliyyətlər göstərmək üçün şərait və sağlam mühit yaratmağa çalışıb.
Dilimizə uşaq bağçası kimi tərcümə olunan "kindergarten"in əsasını isə alman pedaqoqu və filosofu Fridrix Froybel qoyub. Froybel yaratdığı məktəbin uşaqların oyunlar vasitəsilə özlərini təkmilləşdirəcəyi və xarici dünyanı öyrənəcəyi bir yer olacağını düşünüb. Onun fikrincə, uşaqların tərbiyəsi açıq havada keçirilən təlimlər, oyun və musiqi ilə aparılmalıdır.
Həyatı İsveçrə və Almaniyada keçən Froybel 1836-cı ildən fəaliyyətini məktəbəqədər təhsilə həsr edib. 1837-ci ildə kiçik yaşlı uşaqlar üçün Bad Blankenburqda oyun və fəaliyyət institutu açan Froybel 1840-cı ildə oyun və fəaliyyət institutunun adını dəyişib və onu "kindergarten" sözü ilə əvəz edib. Onun yaratdığı bağçada təlim özünün hazırladığı Froybel Gifts (Froybel hədiyyələri) oyun materiallarının əsasında aparılıb.
ABŞ-ın ilk uşaq bağçası da alman üsulu ilə yaradılıb. Belə ki, bağçanı Fridrix Froybelin şagirdi Marqaret Skurz 1856-cı ildə Vatertown şəhərində təsis edib. Bağçada təlim-tərbiyə də alman dilində aparılıb. Amma Skurzun uşaq bağçasından ilham alan Elizabet Piyabodi ABŞ-da ingilis dilində ilk uşaq bağçasını 1960-cı ildə Bostonda təsis edib.
İtaliyada ilk müasir məktəbəqədər təhsil müəssisəsinin əsasını "Montesorri metodu"nun yaradıcısı, İtaliyada həkim diplomunu alan ilk qadın və pedaqoq Mariya Montesorri qoyub. Bu xanım Romanın San Lorenzo bölgəsində işləyən ailələrin uşaqlarına baxmaq üçün "Casa dei Bambi", yəni Uşaqlar evini yaradır. Bunun üçün dərs dediyi universitetdən və tibbi araşdırmalarından imtina edir.
24.12.2018