Nəbi Xəzri. “Bu gün təzə il gəlir”
Ana Vətən sevinir,
Bu gün təzə il gəlir.
Çəmənləri, düzləri
Gəzə-gəzə il gəlir.
Gəlir günəş nurundan
Qızılı don geyərək,
Gəlir dilində nəğmə,
Əllərində gül-çiçək.
Mehriban gəlişindən
Qəlbimə vüqar gəlir.
Bir əlində qarlı qış,
Birində bahar gəlir.
Onu qarşılamaqçın
Ulduzlar, aylar gəlir.
O gəlir bəzənərək
Mənim ana yurdumun
Toyu, büsatlarıyla.
O gələndə donunu
Bizim Şaxta babatək
Yumşaq qardan geyəcək.
Bax bu gün gecə yarı
O deyəcək: gəlmişəm,
Mən ki nurlu bahardan
Libas geyib gəlmişəm.
Sizi deyib gəlmişəm,
Sizin böyük zəfərə,
Rəşadətə, hünərə
Mən baş əyib gəlmişəm!
Mən də deyəcəyəm ki,
Xoş gəlmisən bu yurda,
Təzə ilim, ay ilim!
Bizim eli, obanı
Bəzə, ilim, ay ilim!
Gözüm üstə yerin var,
Xoş gəlmisən, ay ilim!
22.12.2018