Nağıllar, hekayələr

Qarğa dili

Qarğaya elə gəlirdi ki, quşların içərisində onun dili kimi zəngin və gözəl bir dili olan yoxdur. Qarıldaya-qarıldaya bütün meşəyə car çəkirdi:
- Bütün quşlar qarğa dilində danışmalıdır.


Qarğa canfəşanlıq edərək neçə yerdə məktəb açmışdı. Bütün quşlar qarğadan qorxub öz balalarını hər səhər onun məktəbinə göndərirdilər. Qarğa quş balalarına öz dilini öyrədib deyirdi:
- Meşədə bütün quşlar ancaq bir dildə danışmalıdırlar. Yalnız qarğa dilində! Hansınız başqa dildə danışsanız, dilinizi dibindən kəsəcəyəm!
Sağsağanın balası cükküldəyərək dedi:
- Bizim hər birimizin öz ana dilimiz var. Bunu tərgitmək üçün gərək analarımızın dilini kəsəsən. Bunu isə bacarmazsan!