Bu maraqlıdır!

Vaadhu adasının “ulduzlu sahili”

Planetimizin ən gözəl və sirli yerlərindən biri, Maldiv adalar qrupuna daxil olan Vaadhu adasının sahilidir. 


Vaadhu adasının çimərlik sahillərində nadir bir təbiət fenomeni baş verir: dənizin sahili gecələr milyonlarla “ulduz” səpələnmiş kimi parıldayır. Bu hadisə məhz suda yaşayan mikroorqanizmlərin, yəni fitoplanktonların orqanizmində baş verən kimyəvi proseslər nəticəsində baş verir. Kimyəvi proseslər zamanı onlar işıq kimi yanmağa başlayırlar. Bu kimyəvi hadisəyə - “biolüminesensiya” deyilir. 


Bu görünüş demək olar, bütün sahil boyu baş verdiyi üçün böyük ərazini əhatə edir. Maraqlı bir fakt odur ki, ulduzlu sahili hətta kosmosdan görmək mümkündür.


Planktonlar əsasən çoxalma mövsümündə daha güclü işıq saçmağa başlayırlar. Bu zaman suda planktonların sayı onlarla deyil hətta minlərlə artır. Beləliklə, ağ qumun sahili mavi rəngə boyanır və hətta su mavi rəngə çevrilir. Dəniz suyunu havaya doğru güclü çilədikcə, mikroorqanizmlər daha çox parıltı verməyə başlayır. 


Nə qədər gözəl və cəlbedici bir mənzərə olsa da, bu müddət ərzində dənizdə üzməmək daha yaxşı olardı. Bu bir hüceyrəli mikroorqanizmlər işıq saçaraq insan bədəni üçün təhlükəli olan toksinlər çıxarırlar.


Ulduzlu sahil fenomeni yalnız Vaadhu adasına xarakterik deyil. Maldiv adalarının bir çoxunda bu heyrətamiz görüntünü görmək olar. Lakin, Vaadhuda ki parıltı maksimum dərəcədədir.