Bakıda ilk zooparkın yaradılması
Bakı şəhərində ilk zooparkın yaradılmasının 90 illik tarixi var. Ötən əsrin əvvəlindən başlayaraq zooparkın yaradılması üçün müxtəlif cəhdlər olub, kiçik kolleksiyaları ilə fərqlənən özəl zooloji sərgilər (zoosirklər) fəaliyyət göstərib. Bakı şəhərinin keçmiş Lunaçarski, indiki Nizami parkında 1928-ci ilin dekabrından zoobağ fəaliyyət göstərib. Bakıda ilk zooparkın yaranma tarixi də məhz bu vaxt hesab edilir.
Zaman-zaman dəyişdirilərək genişləndirilən zoopark 80-ci illərə qədər Bayıl qəsəbəsində bir hektar sahədə fəaliyyət göstərib. 1982-ci ildə həmin ərazidə torpağın sürüşmə təhlükəsi nəzərə alınaraq indiki yerinə köçürülüb və sahəsi bir hektardan çox artırılıb.
1995-ci ilə qədər Bakı zooparkında 60 növ və 200 baş heyvan var idi. Vaxt keçdikcə burada heyvanlar aləmi daha da zənginləşdirilib. Balıqlar üçün akvarium, sürünənlər üçün terrarium, qırqovulların nümayişi üçün fazanarium ekspozisiyası yaradılıb.
1995-ci ildən 18 ölkədən 70-dək zooloji parkın daxil olduğu Avrasiya Regional Zooparklar və Akvariumlar Assosiasiyasının üzvü olan və bu heyvanat parkları ilə geniş əməkdaşlıq əlaqələri qurulan zooparkda hazırda 151 növə aid 1240-ə yaxın heyvan mühafizə olunur.
2001-ci ildə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən zooparkın ərazisi artırılaraq 4,25 hektara çatdırılıb.
Zoopark əhalinin istirahət yeri olmaqla yanaşı, uşaqların canlılara, təbiətə və ətraf mühitə münasibətinin formalaşmasında mühüm rol oynayır. Digər tərəfdən, zooparkda nəsli kəsilməkdə olan bir çox nadir heyvan növlərinin canlı genofondunun saxlanılması təmin edilir və çoxaldılaraq təbiətə buraxılır.
15.12.2018