Cavanşir
Qafqaz Albaniyasının hökmdarlarından biri, Mehranilər sülaləsinin ən görkəmli nümayəndəsi. Anadan olduğu vaxt dəqiq bəlli deyil. Girdman dövlətinin ilk hakimi, bütün Albaniyanın knyazı Mehrani Qriqor Varazın oğludur. Atası Qriqorun göstərişi ilə Cavanşir ərəb-sasani müharibələrində Sasanilər tərəfində döyüşüb. 637-ci ildə baş vermiş Kadisiyyə döyüşündə xüsusən fərqləndiyinə görə Sasani şahı II Yezdəgerd tərəfindən qızıl kəmərlə, qızıl dəstəkli qılıncla mükafatlandırılıb və başına qızıl tac qoyulub. 638-ci ildə ərəb ordusu Sasani dövlətinin paytaxtı Ktesifonu mühasirəyə aldığı zaman Cavanşir, 6 ay sasanilərin tərəfində şəhərin müdafiəsində dayanıb. Sasanilər hakimiyyətinin sonunun yaxınlaşdığını, Ərəb Xilafətinin gücləndiyini görən Cavanşir müqavimət göstərməyin faydasız olduğunu dərk edərək 640-cı ildə Girdimana qayıdıb. 642-ci ildə atası Qriqor Varazın vəfatından sonra hakimiyyət başına keçən Cavanşir hökmdarlığın mərkəzi iqamətgahını və paytaxtı Partav (Bərdə) şəhərinə köçürüb. Xəzərlərlə sülh bağlayaraq Xəzər xaqanının qızı ilə evlənib.